Vətən torpağı bizlərçün həmi dünyavi nemətdir,
Həmi uğrunda can vermək də bir ruhani izzətdir.
Şəhidi öz məzarından əgər qaldırsan ayətdir,
Nə bu aləmdə sorsan ki, misilsiz bir səadətdir?
Tərəddüd etmədən söylər, Şəhadətdir, Şəhadətdir.
Şəhadətdir, Şəhadətdir, Şəhadətdir, Şəhadətdir.
***
Vətənsizlik cəhənnəmdir, vətən bir baği-cənnətdir.
Vətən qədri bilənlərçün, onun hər daşı zinətdir.
Onu hifz eyləmək borcdur, vətən haqdan əmanətdir.
Vətən uğrunda can vermək, bu mənada ibadətdir.
Bu ölmək yox ölümsüzlükdür, üstün bir fəzilətdir.
Şəhadətdir, Şəhadətdir, Şəhadətdir, Şəhadətdir.
***
Vətən zənn etmə tək daşdan və torpaqdan ibarətdir.
Qürurum , izzətim, arım, o namusdur, o qeyrətdir.
Onun təhlükə anında, cihad etmək zərurətdir.
Cihad halında can vermək, şəhid olmaq şərafətdir.
Bu hər şəxsə nəsib olmaz, bu bir rəbbani rəhmətdir.
Şəhadətdir, Şəhadətdir, Şəhadətdir, Şəhadətdir.
***
Əgər kim zülmə baş əysə, onun hər halı zillətdir.
O öz mülkündə dustaqdır, ona öz yurdu qürbətdir.
O kəs dərk etməz hürriyyət, əvəzsiz varu dövlətdir.
Ölüm hürriyyət uğrunda, şəhadət adlı şərbətdir.
Məqamdır, rütbədir, rəhmətdir, Allahdan inayətdir.
Şəhadətdir, Şəhadətdir, Şəhadətdir, Şəhadətdir.