Yenə payızın ətri duyulur havada,
Keçmişim göz önünə gəlir arada.
Dualar eləyirəm ki, Allahım,
Bizi ikinci dəfə yenidən yarada.
Bəlkə, onda bəxtimiz bir olacaq,
Yolumuz tək ölümlə ayrılacaq.
Bilirəm bunlar da boş xəyaldır,
Mənə elə peşmançılığım qalacaq.
Gözlər dolar, boşalınca ürək,
Vardır elə şeylər, olmur demək.
Bəzən, böyüklərin səsin deyil,
Qəlbin səsin də, dinləmək gərək!
İpimi verdiyim üçün əzizlərimə,
Təkliyi kəsdi mənə həyat cərimə.
O mənə gün ağlayanların indi,
Heç biri ağlamır mənim yerimə.
Bəlkə mən etdim günahın çoxusun,
O istəyirdi sevgisin qorusun.
Gör neçə vaxtdır qurumur gözümüz,
Get, dediyim yerdə dilim qurusun!
Gözlər dolar boşalınca ürək,
Vardır elə şeylər olmur demək.
Bəzən böyüklərin səsin deyil,
Qəlbin səsin də dinləmək gərək!